
Daxili işlər naziri, general-polkovnik yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi istiqamətində profilaktik tədbirlərin davam etdirilməsini tələb edib.
Qanuntv.az xəbər verir ki, bu barədə nazir kollegiya iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur.
Nazir həmin problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən uzaq tutulması məqsədilə profilaktik işin gücləndirilməsini tapşırıb.
Eyni zamanda, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması üçün aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.
DİN rəhbəri əməliyyat-xidməti fəaliyyətin digər mühüm istiqamətləri üzrə də konkret tapşırıq və tövsiyələr verib.





