
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı müraciətində qurultay iştirakçılarını təbrik edərək, ağsaqqallıq institutunun Azərbaycan xalqının milli-mənəvi dəyərlərində mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, xalqın qədim irsində ağsaqqallara hörmət hər zaman ön planda olub və bu ənənə bu gün də qorunur.
Prezident qeyd edib ki, ağsaqqallar cəmiyyətdə əxlaqi dəyərlərin qorunması, nəsillərarası varisliyin təmin edilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Eyni zamanda gənclərin vətənpərvərlik ruhunda yetişməsində onların xidmətləri xüsusi qeyd olunub.
Müraciətdə vurğulanıb ki, ağsaqqalların töhfəsi nəticəsində yetişən gənc nəsil 44 günlük Vətən müharibəsi zamanı ölkənin şanlı Zəfərinin əldə olunmasında mühüm rol oynayıb.
Dövlət başçısı sonda qurultayın işinə uğurlar arzulayıb və qəbul olunacaq qərarların təşkilatın fəaliyyətinin daha da güclənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.





