
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Məlumata görə, sözügedən saziş 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanıb.
Fərmana əsasən, sənəd qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Eyni zamanda, Xarici İşlər Nazirliyi tərəfindən sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BTİ-yə rəsmi bildiriş göndəriləcək.
Qeyd edək ki, bu addım Azərbaycanın rəqəmsal inkişaf strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovasiya ekosisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





