
“Bu il Azərbaycanda 100-dən artıq modul tipli məktəbin tikilməsi planlaşdırılır”.
Bunu jurnalistlərə açıqlamasında Emin Amrullayev deyib.
Nazir bildirib ki, ölkədə qəzalı vəziyyətdə olan məktəblər az sayda olsa da, bu istiqamətdə işlər davam etdirilir.
Onun sözlərinə görə, son beş ildə Elm və Təhsil Nazirliyi, Heydar Aliyev Foundation və digər sponsorların dəstəyi ilə ümumilikdə 1000-ə yaxın məktəb ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
Emin Əmrullayev qeyd edib ki, prioritet daha çox şagirdin təhsil aldığı iri məktəblərin təmirinə verilir:
“Birinci böyük həcmli məktəbləri təmir etməyə çalışırıq. Çünki bu məktəblər daha çox uşağın həyatına təsir edir”.
Nazir əlavə edib ki, kiçik məktəblərlə bağlı modul tipli layihələr həyata keçirilir:
“Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul tipli məktəb tikməyi planlayırıq. Proses mərhələli şəkildə aparılır. Çünki bütün məktəbləri eyni anda tikmək fiziki olaraq mümkün deyil. Maliyyə imkanlarına uyğun olaraq tikinti işləri davam etdiriləcək”.





