
İqtisadiyyat — İran ətrafında yaranmış gərgin vəziyyət və Çinin tətbiq etdiyi yeni ixrac məhdudiyyətləri qlobal kükürd turşusu bazarında ciddi böhrana səbəb olub. Dünyada tədarük zəncirinin pozulması fonunda məhsulun qiymətində kəskin artım müşahidə edilir.
Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.
Məlumata görə, kükürd turşusu gübrə istehsalı, mis və digər metalların emalı, həmçinin kağız sənayesi, kompüter çiplərinin hazırlanması və su təmizləmə sistemlərində geniş istifadə olunur. Qlobal tədarükün mühüm hissəsi isə Fars körfəzi ölkələrində fəaliyyət göstərən neft emalı zavodlarının payına düşür.
“Acuity Commodities” şirkətinin rəhbəri Freda Gordon bildirib ki, dünya gübrə bazarında yaranan risklər Çini kükürd turşusu ixracını məhdudlaşdırmağa məcbur edib.
Onun sözlərinə görə, Pekinin bu addımı bazardakı qıtlığı daha da dərinləşdirib və qiymətlərin yenidən yüksəlməsinə səbəb olub.
Nəşr yazır ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar, eləcə də Çinin tətbiq etdiyi yeni ixrac qadağaları dünya kənd təsərrüfatı və sənaye sektorunda ciddi narahatlıq yaradıb. Ekspertlər hesab edirlər ki, bu vəziyyət bir çox ölkələrdə gübrə və sənaye məhsullarının maya dəyərinin artmasına gətirib çıxara bilər.
“Argus” agentliyinin eksperti Sara Marlow isə bildirib ki, Çinin məhdudiyyətlərindən ən çox zərər görəcək ölkələr arasında Çili və İndoneziya ön sıradadır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, geosiyasi gərginlik davam edərsə, yaxın aylarda qlobal kimya və kənd təsərrüfatı bazarında daha ciddi qiymət artımları müşahidə oluna bilər.





