
Ararat Mirzoyan ABŞ dövlət katibi Marco Rubionun Ermənistana planlaşdırılan səfərinin ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqəli olması barədə iddiaları təkzib edib.
Qanuntv.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Mirzoyan jurnalistlərin sualını cavablandırarkən bildirib ki, səfərlə seçki prosesi arasında hər hansı əlaqə yoxdur:
“Seçkinin məsələyə nə aidiyyəti var? Bunlar necə əlaqələndirilə bilər?” – deyə nazir vurğulayıb.
Ermənistan XİN rəhbəri səfər çərçivəsində imzalanması gözlənilən sazişlərin detalları barədə məlumat verməyib. O qeyd edib ki, bununla bağlı ictimaiyyətə daha sonra açıqlama təqdim olunacaq.
Mediada yayılan məlumatlara əsasən, İrəvanda Ararat Mirzoyan və Marko Rubio arasında görüş və danışıqların keçirilməsi, daha sonra isə bir sıra sənədlərin imzalanması planlaşdırılır.





