
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra yenidən əhalinin istifadəsinə verilib.
Qanuntv.az xəbər verir ki, binada aparılan yenidənqurma işləri zamanı divarlarda aşkar olunan aşınma və zədələnmələr aradan qaldırılıb, mərkəz müasir tələblərə uyğun şəkildə bərpa edilib.
Yenilənmiş Mədəniyyət Mərkəzində kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, yaradıcılıq məşğələləri, təlimlər, inzibati idarəetmə və turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Üçmərtəbəli binada müxtəlif sahələr üzrə dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa, suvenir mağazası və bufet fəaliyyət göstərəcək.
348 tamaşaçı yerlik mərkəzdə film nümayişləri, tamaşalar, təqdimatlar, konsertlər, rəsmi görüşlər və digər tədbirlərin keçirilməsi üçün yüksək imkanlar yaradılıb.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi gələcəkdə Xankəndidə keçiriləcək kütləvi tədbirlərin əsas məkanlarından biri olacaq.










