
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər proqramına əsasən, müdafiə naziri Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik məsələlərini, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər mövzuları müzakirə ediblər.
Qeyd edək ki, səfər çərçivəsində Zakir Həsənovun Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb.










