
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yayılan məlumatlardan sonra yaranan suallara Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti aydınlıq gətirib.
Qurumun açıqlamasına görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar suyun götürülməsi, tullantı sularının axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur. Bu hallarda xüsusi texniki vasitələrdən istifadə edilir və müvafiq icazə tələb olunur.
Bildirilib ki, xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilir.
Vətəndaşlar isə çimərliklərdən istifadə etmək, qayıqla gəzmək, həvəskar balıq ovu ilə məşğul olmaq, idman fəaliyyəti göstərmək, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.
Qurum xüsusilə vurğulayıb ki, vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su mənbələrindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün nə icazə almasına, nə də hər hansı ödəniş etməsinə ehtiyac var.
ADSEA həmçinin bildirib ki, artezian və subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar, Xəzər dənizində kiçikhəcmli gəmilər üçün su akvatoriyasından istifadə edənlər və qəfəs balıqçılığı ilə məşğul olan şəxslər xüsusi icazə almalıdırlar.
Məlumata görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödəniş məbləğləri Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli qərarı ilə təsdiqlənib və istifadə olunan su mənbəyindən, eləcə də fəaliyyət növündən asılı olaraq dəyişir.
Qeyd edək ki, yeni ödəniş mexanizminin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.





