
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edərkən maraqlı açıqlama verib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı iş otağında yerləşən yeganə heykəlin babası, görkəmli dövlət xadimi Əziz Əliyevə məxsus olduğunu bildirib.
"Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar", - deyə Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, nə bu iş otağında, nə də digər kabinetlərində başqa heç bir heykəl yoxdur.
"Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır", - deyə İlham Əliyev bildirib.
Prezident, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında mövcud olan tarixi və qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu münasibətlərin möhkəmləndirilməsi bütün Qafqaz regionunun davamlı inkişafı baxımından mühüm rol oynayır.





