
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib.
Nazirlər Kabinetinin məlumatına görə, görüş zamanı Azərbaycan ilə Rusiya regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Tərəflər iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamikanı qeyd edib, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Görüşdə Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi də xüsusi qeyd olunub.
Qəbul zamanı, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib.





