
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dəyişikliklərə əsasən, hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.
Məlumata görə, bu, dövlət başçısının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara etdiyi dəyişikliklərdən sonra mümkün olub.
Sənədə əsasən, hərbi qulluqçular xidmət keçdikləri dövlət orqanları və həmin qurumların strukturuna daxil olan təşkilatlar tərəfindən şəxsi jetonla təmin ediləcək. Bununla bağlı qanunvericiliyə “şəxsi jeton” anlayışı və onun istifadə qaydaları əlavə olunub.
Bundan əlavə, çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna yeni maddə daxil edilib.
Yeni maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamə Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Prezidentin fərmanı ilə Nazirlər Kabinetinə iki ay müddətində çağırışaqədərki hazırlıq haqqında əsasnaməni, altı ay müddətində isə hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, jetonun təsviri, xüsusiyyətləri və uçot qaydasını hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.





