
QanunTV.az xəbər verir ki, məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.
Yeni qaydalara əsasən, şagirdlərin dərs və məşğələ zamanı mobil telefon, planşet, ağıllı saat, noutbuk və digər elektron cihazlardan istifadə etməsi qadağan edilir.
Təhsilalanlar tərəfindən məktəbə gətirilən cihazlar dərs müddətinin sonunadək rəhbərlik tərəfindən müəyyən edilən saxlama yerlərində söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Elektron cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti altında tədris məqsədləri üçün istifadə edilə bilər. Buraya elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri daxildir.
Qaydalara əsasən, məktəb ərazisində mobil cihazlardan yalnız zəruri hallarda — fövqəladə vəziyyət, sağlamlıqla bağlı məsələ və digər vacib hallarda istifadə oluna bilər.
Qaydaların pozulması zamanı məktəb rəhbərliyi bir iş günü ərzində valideynləri məlumatlandıracaq və profilaktik tədbirlər həyata keçirəcək.
Həmçinin məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün rəqəmsal təhlükəsizlik, kibertəhlükəsizlik və elektron cihazlardan düzgün istifadə ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək.
Qeyd edək ki, qərar iyunun 26-dan etibarən qüvvəyə minib.





