
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə tanınmış iqtisadiyyat professoru Ceffri Saks arasında görüş baş tutub.
Qanuntv.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında məlumat verib.
Prezidentin köməkçisi bildirib ki, görüş çərçivəsində səmərəli və maraqlı fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, müzakirələr zamanı davamlı inkişaf, geoiqtisadiyyat və geosiyasət məsələləri, geniş Xəzər hövzəsi konsepsiyası, Azərbaycanın orta güc kimi möhkəmlənən mövqeyi, ölkəmizin sülh təşəbbüsləri və regional məsuliyyətin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev qeyd edib ki, professor Ceffri Saksın Şərq–Qərb dəhlizi boyunca elektromobillərlə hərəkəti nəzərdə tutan “Marko Polo – Sülh Yürüşü” layihəsi kommunikasiyaların inkişafı və qarşılıqlı dialoqun genişləndirilməsi baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirilib.
Görüşdə regional əməkdaşlığın gücləndirilməsi, davamlı inkişaf hədəfləri və beynəlxalq dialoqun təşviqi istiqamətində fikir mübadiləsinin aparıldığı vurğulanıb.





