
Ağdam Cümə məscidinin imamı Mehman Nəsirov məscidin tarixi ilə bağlı maraqlı bir detalın Qarabağın işğaldan azad edilməsindən sonra xüsusi məna kəsb etdiyini bildirib.
Qanuntv.az xəbər verir ki, imam bu barədə Baku TV-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, məscidin 1868-ci ildə inşa edildiyi dövrdə digər məscidlərdə rast gəlinməyən bir ayə giriş hissəsində divara həkk olunub.
Mehman Nəsirov bildirib ki, söhbət "Fəth" surəsinin birinci ayəsi olan "İnnə fətəhnə ləkə fəthən mubinə" – "Həqiqətən, biz sənə açıq-aşkar bir zəfər bəxş etdik" ayəsindən gedir.
İmam qeyd edib ki, həmin dövrdə bu ayədən məscidlərin giriş hissəsində istifadə olunmur, daha çox döyüş bayraqları üzərində yer alırdı.
Onun sözlərinə görə, təxminən 150 il sonra Ağdam məscidi işğal altına düşüb, Qarabağın azad edilməsindən sonra isə bu ayə yenidən xüsusi rəmzi məna qazanıb.
Mehman Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi geyimdə Ağdam Cümə məscidinə daxil olarkən girişdə yerləşən həmin ayə onu qarşılayıb və bu hadisə tarixi bir təsadüf kimi dəyərləndirilib.





