
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Yeni dəyişikliklər bir sıra sahələrdə inzibati məsuliyyəti gücləndirir və yeni cərimələr müəyyən edir.
Dəyişikliklərə əsasən, tibbi müayinə rəyinə görə narkoloji xəstə hesab edilən şəxslərin qanunvericiliklə fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələrə işə qəbul edilməsinə və ya həmin şəxslərlə əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər.
Bundan başqa, qanunvericilikdə tələb olunan tibbi arayış və ya tibbi müayinə rəyi olmadan işçinin müvafiq vəzifəyə qəbul edilməsinə görə vəzifəli şəxslər 1 000 manat cərimələnəcəklər.
Yeni qanunla barəsində məlumatlandırma icraatı tətbiq edilən ağacların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumat təqdim edən fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 3 000 manat, hüquqi şəxslər isə 5 000 manat məbləğində cərimə olunacaqlar.
Eyni zamanda, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş hesabatları Mərkəzi Banka təqdim etməməsinə və ya düzgün təqdim etməməsinə görə də vəzifəli və hüquqi şəxslər üçün yeni cərimələr müəyyən edilib.
Qanuna əsasən, fermerlər və tədarükçülər kənd təsərrüfatı məhsullarının istehsalı, istixanalar, soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları müəyyən olunmuş müddətlərdə informasiya sisteminə daxil etmədikdə də inzibati məsuliyyət daşıyacaqlar.
Bununla yanaşı, ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı ilə məşğul olan subyektlərin dövlət orqanlarının sorğularına vaxtında cavab verməməsinə görə də cərimələr tətbiq ediləcək.
Dəyişikliklərə əsasən, inzibati xətanı törətmiş şəxs həmin pozuntuya səbəb olan halları 10 iş günü ərzində aradan qaldırarsa, inzibati məsuliyyətdən azad ediləcək. Həmçinin bu müddət ərzində həmin əmələ görə şəxs təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı il 12 iyun tarixli qanunun tətbiqinin təmin edilməsi məqsədilə müvafiq Fərman da imzalayıb.




