
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda xidmətləri ilə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə müvafiq əmrlər imzalayıb.
Qanuntv.az xəbər verir ki, əmrlərə əsasən, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərmanla təltif olunub.
Bununla yanaşı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, hər iki hərbi rəhbər Vətən müharibəsində göstərdikləri yüksək peşəkarlıq, fədakarlıq və şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüblər. Onların növbəti təltifləri Azərbaycan Silahlı Qüvvələrində uzunmüddətli səmərəli xidmətlərinin və hərbi fəaliyyətlərinin yüksək qiymətləndirilməsinin növbəti göstəricisi kimi dəyərləndirilir.





