
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçın rayonunda Hoçaz çayı üzərində inşa edilən "Ağbulaq-1", "Ağbulaq-2" və "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.
Qanuntv.az xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına Laçının enerji potensialı və həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası"na çevrilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, regionda su elektrik stansiyalarının tikintisi ardıcıl şəkildə davam etdirilir.
Məlumata görə, Laçın rayonunda Hoçaz, Şəlvə, Zabux və Həkəri çayları üzərində indiyədək ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası inşa edilib. Hazırda rayonun 8-10 meqavatlıq elektrik enerjisinə olan tələbatı tam şəkildə yaşıl enerji hesabına ödənilir, artıq qalan enerji isə ölkənin vahid enerji sisteminə ötürülür.
Açılışı həyata keçirilən 14,7 meqavat gücündə "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyaları ildə ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisi istehsal edəcək.
Bu layihələrin həyata keçirilməsi nəticəsində hər il təxminən 45 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 80 min tona yaxın karbon emissiyasının atılmasının qarşısı alınacaq.
Qeyd edək ki, müasir texnologiyalar və SCADA idarəetmə sistemləri ilə təchiz edilən bu stansiyalar regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ekoloji tarazlığın qorunmasına və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.












