
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobil yollarının yaxınlığında yerləşən məktəb ətraflarında, eləcə də piyadaların müntəzəm hərəkət etdiyi ərazilərdə və nizamlanmamış keçidlərdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, əsas məqsəd – azyaşlıların və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır:
"Bu çərçivədə hərəkət iştirakçılarından – valideynlərdən, sürücülərdən və piyadalardan mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olmaları və müəyyən olunmuş qaydalara riayət etmələri xahiş olunur. Qeyd olunan ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl olunması hər bir şəxsin həyat və sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir".