
Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Qanun layihəsinə görə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 6 ay ixtisar edilir. Belə ki, əvvəllər 1 il 6 ay olan xidmət müddəti indi 1 il olacaq. Xidmət müddəti başa çatdıqdan sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilə bilərlər.
Həmçinin, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün xidmət müddəti 3 ilədək müəyyən edilib. Bu müddət tamamlandıqdan sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlamaq mümkündür.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.




