
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Azərbaycan Baş Prokurorluğuna ünvanladığı məktub AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqın ört-basdır edilməsinə cəhd edildiyini deməyə əsas verir.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov Oxu.Az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, məktubun məzmunu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:
“Yayılan sənəddən görünür ki, hadisə ilə bağlı cinayət işinə xitam verilir. Halbuki indiyədək açıqlanan hesabatlar, istintaq zamanı əldə olunan faktlar və qara qutudan çıxan məlumatlar qəzanın texniki və ya hava şəraiti ilə əlaqələndirilməsinin əsassız olduğunu göstərir. Bu yanaşma məsuliyyətdən yayınmaq cəhdidir”.
V.İskəndərov vurğulayıb ki, təyyarənin hansı silahla vurulduğu, səs yazılarının mövcudluğu və məsul şəxslərin müəyyən edilməsi fonunda istintaqın dayandırılması Çikaqo Konvensiyasına, ikitərəfli müqavilələrə və beynəlxalq hüquq normalarına ziddir.
Millət vəkilinin sözlərinə görə, qəza baş verdikdən sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəməsi və hadisə ilə bağlı izahat verməsi prosesin ədalətli aparılacağına ümid yaratmışdı:
“Azərbaycan cəmiyyəti rəsmi Moskvanın real addımlar atacağını, günahkarların cəzalandırılacağını və kompensasiya ödəniləcəyini gözləyirdi. Lakin mövcud vəziyyət bunun əksini göstərir”.
Deputat bildirib ki, Bastrıkinin məktubu ya Rusiya dövlət qurumları arasında koordinasiya boşluğundan, ya da siyasi iradənin məqsədli şəkildə bu istiqamətə yönəldilməsindən xəbər verir:
“Bu işdə günahı olan şəxslər məsuliyyətə cəlb edilməlidir. Əks halda, məsələ qəsdən ört-basdır etmə kimi qiymətləndiriləcək və bu, Azərbaycan–Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər”.
Qeyd edək ki, 2025-ci il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub, 29 nəfər sağ qalıb. Qəzanın qara qutuları açılaraq əldə edilən məlumatlar Qazaxıstana təqdim edilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən hadisə ilə bağlı ilkin hesabat dərc olunub.





