
QanunTV.az xəbər verir ki, 13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Venesuelada baş verən son hadisələr, eləcə də Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həlak olan şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Venesuelada sülh və sabitliyin bərqərar olacağına, ölkənin birliyinin və ərazi bütövlüyünün qorunacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





