
Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı keçirilən müsabiqədə iştirak ödənişli olacaq.
Qanuna edilmiş əlavələrdə nəzərdə tutulub ki, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə tətbiq olunmayacaq.
Dəyişikliklərin məqsədi dövlət təhsil sistemində müəllimlərin işə qəbulunu daha səmərəli və şəffaf həyata keçirməkdir.





