
ABŞ Prezidenti Donald Tramp ötən ilin avqustunda imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
“Report”un məlumatına görə, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
ABŞ Prezidenti qeyd edib ki, son müharibə olduqca dəhşətli olub və onun dayandırılmasına nail olduğu səkkiz müharibədən biridir. Trampın sözlərinə görə, hazırda region sülh və rifah mərhələsinə qədəm qoyur.
O, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevral ayında Azərbaycana və Ermənistana səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərin məqsədi sülh səylərini davam etdirmək və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsünü irəli aparmaqdır.
Tramp həmçinin ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə müqavilə bağlanması və Amerika yarımkeçirici istehsalçılarının maraqları naminə yeni sazişlərin imzalanması planlaşdırılır.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton Azərbaycana Amerika istehsalı olan müdafiə avadanlıqları, o cümlədən zirehli geyimlər, qayıqlar və digər məhsulların satışını da nəzərdə tutur.





