
Bölgədə yaranmış vəziyyət Azərbaycanı narahat edir və ölkəmiz gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Azərbaycan bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıdır.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 31-də İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlıdır.
Telefon danışığı zamanı tərəflər regiondakı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, Azərbaycan və İran münasibətləri dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan yaranan problemlərin dialoq yolu ilə həllini dəstəkləyir və bu istiqamətdə konstruktiv əməkdaşlığa hazırdır.
İran Prezidenti Məsud Pezeşkian isə telefon danışığı zamanı göstərilən diqqətə görə təşəkkürünü bildirib.





