
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, struktur islahatları çərçivəsində bir neçə qurumun bazasında yeni büdcə təşkilatları yaradılıb və fəaliyyət istiqamətləri optimallaşdırılıb.
Belə ki:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsləri, eləcə də Dövlət Geoloji İnformasiya Fondu birləşdirilərək Nazirliyin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” yaradılıb;
Nazirliyin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında yenidən “Geodeziya və Kartoqrafiya Agentliyi” formalaşdırılıb;
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzi və “Aqrar Tədqiiatlar Mərkəzi” publik hüquqi şəxsi birləşdirilərək “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” yaradılıb;
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxslərin əsasında “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu” təsis edilib.
Qeyd olunan dəyişikliklər dövlət idarəçiliyində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və sahələr üzrə elmi-praktiki fəaliyyətin gücləndirilməsi məqsədi daşıyır.





