
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar tədbiri təşkil olunub.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər. İftar süfrəsi dini-mənəvi dəyərlərin təşviqi, həmrəylik və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədi daşıyıb.
Tədbirdə çıxış edən Ceyhun Bayramov Ramazan ayının birlik, mərhəmət və paylaşma ayı olduğunu vurğulayıb. Nazir İslam dünyasında həmrəyliyin əhəmiyyətindən danışaraq, ölkələr arasında əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Çıxış zamanı regionda və dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının önəmi də diqqətə çatdırılıb. Bildirilib ki, bu cür tədbirlər diplomatik əlaqələrin inkişafına və müxtəlif ölkələr arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir.
Sonda qonaqlara Ramazan ayı münasibətilə xoş arzular çatdırılıb.





