
Danışıq zamanı İran tərəfi bölgədəki cari vəziyyət və atılan addımlar barədə ətraflı məlumat verib. Ərağçi mövcud şəraitlə bağlı son proseslər və rəsmi Tehranın mövqeyi haqqında məlumatı Azərbaycan tərəfinin diqqətinə çatdırıb.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. O, Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb.
Telefon danışığı zamanı hərbi əməliyyatların tezliklə dayandırılacağına və mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə edilib.
Bununla yanaşı, Azərbaycanın prinsipial mövqeyi bir daha diqqətə çatdırılıb. Vurğulanıb ki, heç bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil.
Qeyd edək ki, tərəflər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.





