
Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycanın enerji siyasəti, Avropa bazarındakı rolu və gələcək planlar barədə mühüm mesajlar verib.
Prezident bildirib ki, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, ölkə enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu uğurla icra edir və bu istiqamətdə əməkdaşlıq daha da dərinləşdiriləcək.
İlham Əliyev vurğulayıb ki, son 12 il ərzində müxtəlif ssenarilər, çətinliklər və mürəkkəbliklər müşahidə olunsa da, Azərbaycan bütün öhdəliklərini yerinə yetirib və tərəfdaş ölkələr üçün etibarlı tərəfdaş olduğunu sübut edib.
Dövlət başçısı qeyd edib ki, 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilatın başlanması gözlənilir. Bu isə qaz ixrac imkanlarının daha da artmasına şərait yaradacaq.
Prezident həmçinin alternativ enerji sahəsində planların imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdırıb və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirildiyini bildirib.
İclasda çıxış edən Avropa İttifaqının komissarı isə Azərbaycanın qaz təchizatının Aİ-nin enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacağını vurğulayıb.
Çıxış zamanı enerji təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi və uzunmüddətli tərəfdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.





