
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhər Forumunda (WUF13) iştirak edəcək.
Bu barədə Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov məlumat verib. Onun sözlərinə görə, dövlət başçısının forumda iştirak etmək üçün Bakıya səfəri planlaşdırılır.
Qeyd edək ki, WUF13 2026-cı il 17–22 may tarixlərində Bakıda keçiriləcək. Forum şəhərsalma və urbanizasiya sahəsində dünyanın ən böyük beynəlxalq platformalarından biri hesab olunur və burada dayanıqlı şəhər inkişafı, təhlükəsiz və davamlı yaşayış məkanlarının yaradılması kimi mövzular müzakirə olunur.
Tədbir Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı tərəfindən təşkil olunur və müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, həmçinin şəhərsalma sahəsində ekspertləri bir araya gətirir.





