
Azərbaycan Respublikasının Milli Məclisində Rusiyada yaşayan azərbaycanlıların üzləşdiyi problemlər gündəmə gətirilib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışı zamanı bildirib ki, Rusiyada miqrantlara qarşı müəyyən çətinliklər yaradılır. Onun sözlərinə görə, bu məsələlər açıq şəkildə müzakirə edilməlidir:
“Rusiya ilə açıq danışmaq lazımdır. Rusiya dövləti miqrantlara qarşı apardığı siyasətə və yaradılan problemlərə aydınlıq gətirməlidir. Bu gün səhər məlumat oxudum ki, Rusiyada azərbaycanlı miqrantın əmlakı əlindən alınıb. Eyni zamanda, rus dili ilə bağlı tələblər irəli sürülür. Bildirilir ki, Rusiyaya gələn miqrantlar rus dilini bilməlidir. Digər tərəfdən isə minlərlə hindistanlı miqrantın işə cəlb olunduğunu görürük. Bu isə suallar yaradır”, – deyə deputat vurğulayıb.
İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, Azərbaycan dövləti beynəlxalq münasibətlərdə öz mövqeyini açıq və prinsipial şəkildə ortaya qoyur:
“Azərbaycan bütün ölkələr qarşısında öz tələblərini açıq şəkildə ifadə edir və bu məsələdə Rusiya da istisna deyil”, – deyə spiker bildirib.
Mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarının da məsələyə diqqət ayırmasının vacibliyi vurğulanıb.





