
Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədinin Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi ilə bağlı məlumat yayılıb.
Qanuntv.az xəbər verir ki, toy mərasiminin martın 27-də keçirildiyi bildirilir. Halbuki ölkədə yaxın qohumlar arasında nikah qanunla qadağan olunub.
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Kamilə Əliyeva bildirib ki, 2024-cü ildə Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yaxın qohumlar arasında nikahların bağlanmasına qadağa qoyulub və bu qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Onun sözlərinə görə, həmin tarixdən etibarən belə nikahlarla bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciətlər qəbul olunmur.
Bildirilib ki, qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir, müxtəlif dövlət qurumları və yerli icra hakimiyyətləri bu istiqamətdə fəaliyyət göstərir. Bununla belə, bəzi ailələrdə mövcud olan ənənəvi və patriarxal yanaşmalar bu cür nikahların hələ də baş verməsinə səbəb olur.
Ədliyyə Nazirliyi isə qeyd edib ki, qadağanın qüvvəyə mindiyi tarixdən sonra qohum evliliyi ilə bağlı müraciətlər üzrə ayrıca statistika aparılmır.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova bildirib ki, qanuna zidd hallarda məsuliyyət nəzərdə tutulur və belə vəziyyətlərdə müvafiq dövlət qurumlarının müdaxiləsi vacibdir.
Ekspertlər hesab edir ki, qohum evliliklərinin qarşısının alınmasında təkcə dövlət qurumları deyil, cəmiyyət üzvləri də fəal iştirak etməlidir. Valideynlər, qohumlar və yerli icmalar bu məsələdə daha həssas yanaşmalı, qanunların icrasına dəstək verməlidirlər.
Qeyd edək ki, Azərbaycanda qohum evliliyinə görə ayrıca cəza maddəsi nəzərdə tutulmasa da, belə nikahlar rəsmi şəkildə qeydiyyata alınmır.





