
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin işəgötürənlərinin nümayəndələri ilə görüşündə regionda yeni iqtisadi mərhələnin başlandığını bildirib.
Qanuntv.az xəbər verir ki, Ermənistan mətbuatına istinadən yayılan məlumata görə, Paşinyan bu inkişafın Azərbaycanla Ermənistan arasında formalaşan sülh prosesi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, yaxın zamanda TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı mühüm hadisələrin şahidi olunacaq.
O bildirib ki, hazırda daşımalar Azərbaycan ərazisindən Ermənistana dəmir yolu vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, Paşinyan əlavə edib ki, Azərbaycanla dəmir yolu əlaqələri tam açılana qədər TRIPP layihəsi çərçivəsində ixracın Gürcüstan üzərindən də mümkün olması mühüm əhəmiyyət daşıyır.
Baş nazirin sözlərinə görə, siyasi razılaşmanın əsas məqamlarından biri dəmir yolunun bağlanmayacağına dair təminatdır. Bu isə həm idxal, həm də ixrac üçün etibarlı nəqliyyat marşrutu deməkdir.
Paşinyan etiraf edib ki, indiyədək dəmir yolundan əsasən ixrac məqsədilə geniş istifadə olunmayıb. Bunun səbəbi kimi isə o, uzun illər formalaşmış logistika zəncirlərini göstərib.
“30 illik logistika sistemi mövcuddur və onu dəyişmək üçün ilk növbədə etimad lazımdır. İnsanlar bu sistemin nə qədər davamlı və etibarlı olduğunu anlamalıdır. Eyni zamanda, yük daşımalarının yük maşınları ilə deyil, qatarla həyata keçirilməsi tam fərqli yanaşma tələb edir”, – deyə Paşinyan vurğulayıb.





