
Türkiyənin Haber Global telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı süjet təqdim edib.
Qanuntv.az xəbər verir ki, süjetdə dövlət başçısının 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün qardaş ölkəyə səfər etdiyi bildirilir. Vurğulanır ki, səfər Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilib.
Qeyd olunur ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Süjetdə, həmçinin Prezident İlham Əliyevin Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində baş verən faciə ilə bağlı Türkiyə liderinə başsağlığı məktubu ünvanladığı diqqətə çatdırılıb.
Məktubda deyilir:
“Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik”.
Süjetdə qeyd olunur ki, səfər çərçivəsində İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü də gözlənilir.





