
Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərin icrasına start verilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Ədliyyə Nazirliyi digər aidiyyəti qurumlarla, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılmasını təmin etməlidir.
Qərara əsasən, aidiyyəti qurumlara 4 ay müddətində öz səlahiyyətləri daxilində normativ aktların yenilənməsi, 5 ay ərzində təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi, 6 ay müddətində isə bütün hüquqi aktların tam uyğunlaşdırılması və yekun hesabatın təqdim edilməsi tapşırılıb.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.





