
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, sərəncam “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 22 may 2020-ci il tarixli Fərmana uyğun olaraq qəbul edilib.
Sənədə əsasən, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən və Ələt Azad İqtisadi Zonasına aid torpaq sahəsinin 1453.09 hektarlıq hissəsi dövlət mülkiyyətindən çıxarılaraq zonanın səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilir.
Bu qərarın bölgədə investisiya mühitinin yaxşılaşdırılması, logistika və sənaye potensialının artırılması, həmçinin xarici investorların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Sərəncamın icrası İqtisadiyyat Nazirliyinə həvalə edilib.





