
Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. Vətən uğrunda canından keçən igid tankçı bu gün də xalqın yaddaşında cəsarətin, vətənpərvərliyin və fədakarlığın simvolu kimi yaşayır.
Qanuntv.az xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib.
1987-ci ildə hərbi xidmətə çağırılan Albert Gürcüstanda xidmət edib və burada tank komandiri kimi peşəkarlığını nümayiş etdirib. Xidmətdən sonra Bakıya dönərək Suraxanıdakı Maşınqayırma Zavodunda çalışıb.
Lakin Vətənin ağır günündə o, sakit həyatı seçmədi. Qarabağ uğrunda döyüşlər başlayanda könüllü şəkildə cəbhəyə yollandı və tank komandiri olaraq Şuşa istiqamətində döyüşlərə qatıldı.
Xankəndi, Daşaltı və Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə Albert Aqarunov düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edərək adını qəhrəmanlıq tarixinə yazdı.
1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə o, yaxın məsafədən düşmənin iki tankını dəqiq atəşlə sıradan çıxardı. Lakin həmin an məhv etdiyi tanklara baxmaq istəyərkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid oldu.
Albert Aqarunov sağlığında əfsanəyə çevrilmişdi. O dövrdə əsgərlər tanklarını “Albert” adlandırır, düşmən isə onun başına pul mükafatı qoyurdu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bu gün onun adı Bakıda Şəhidlər xiyabanında uyuyan qəhrəmanlar sırasında yaşayır. Təhsil aldığı məktəb onun adını daşıyır, yaşadığı binaya xatirə lövhəsi vurulub, məktəbin önündə büstü qoyulub və 2019-cu ildə paytaxtın Nərimanov rayonunda heykəli ucaldılıb.
Albert Aqarunov təkcə bir tank komandiri deyildi — o, xalqın qüruru, Vətənin ölməz qəhrəmanı idi.





