
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Mamdaninin “erməni soyqırımı” ilə bağlı paylaşımına sərt cavab verib.
Qanuntv.az xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, ictimai şəxslər məsuliyyətli davranmalı, yanlış məlumat yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan əsassız bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.
O qeyd edib ki, Zohran Mamdaninin səsləndirdiyi fikirlər regionun tarixi və reallıqları barədə yetərli anlayışın olmadığını göstərir və faktların siyasi məqsədlərlə təhrif edilməsinə xidmət edir.
Ayxan Hacızadə vurğulayıb ki, Azərbaycan 2020-ci ildə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə öz beynəlxalq səviyyədə tanınmış suveren ərazisində hərəkət edib.
XİN rəsmisi əlavə edib ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa olunub və erməni sakinlərə reinteqrasiya, bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif edilib.
Bəyanatda həmçinin işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə, qırğınlar, eləcə də mədəni və dini irsin məhv edilməsinin görməzdən gəlinməsinin qəbuledilməz olduğu bildirilib.
XİN vurğulayıb ki, bu cür məsuliyyətsiz açıqlamalar dərhal silinməlidir.





