
Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında çıxışı zamanı bəzi Avropa deputatlarının Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə olunmasına maneə törətdiyini bildirib.
Məlumata görə, dövlət başçısı son beş il ərzində Avropa Parlamentinin Azərbaycan əleyhinə 14 qətnamə qəbul etdiyini vurğulayaraq, bunu ölkəyə qarşı qərəzli münasibətin göstəricisi kimi qiymətləndirib.
“Bu qurum sülh prosesini dəstəkləmək əvəzinə, faktiki olaraq onun sabotajı ilə məşğul olur”, – deyə Prezident qeyd edib.
Bununla yanaşı, bildirilib ki, Azərbaycan parlamenti artıq bir sıra əsas istiqamətlər üzrə bu qurumla əməkdaşlığın tamamilə dayandırılması barədə qərar qəbul edib. Rəsmi Bakı həmçinin milli maraqların qorunması məqsədilə Avronest Parlament Assambleyasından çıxmaq prosedurlarına başlayıb.





