
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək ifadə ediblər.
Tədbirdə çıxış edən Kanadanın Baş naziri Mark Karni Azərbaycan və Ermənistan arasında əldə olunan irəliləyişi yüksək qiymətləndirib: “Azərbaycan və Ermənistan arasında sülh yolunda əldə edilən irəliləyişi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakını alqışlayıram”.
Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta isə bildirib ki, bu sammit tarixi əhəmiyyət daşıyır: “Bu görüş Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma sayəsində mümkün olub. Həmin razılaşma Ermənistanla Türkiyə arasındakı münasibətlərin də yaxşılaşmasına töhfə verib və regionu dəyişiklik yoluna çıxarıb”.
Koşta əlavə edib ki, bu sülh razılaşması müharibə və eskalasiyanın hökm sürdüyü dünyada nümunə kimi qiymətləndirilməlidir.
Sammitdə çıxış edən Volodimir Zelenski də hər iki ölkəyə sülh arzulayıb: “Biz Azərbaycan və Ermənistana davamlı, hərtərəfli və uzunmüddətli olacaq sülh arzulayırıq”.
Qeyd edək ki, sammit çərçivəsində səsləndirilən bu mesajlar regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsinə beynəlxalq dəstəyin göstəricisi kimi dəyərləndirilir.





