
Kreditlə diş müalicəsi etdirmək istəyən vətəndaş həm maddi, həm də sağlamlıq baxımından zərərə düşdüyünü iddia edir.
Qanuntv.az xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır ki, yanlış müalicənin fəsadlarını yaşayır. Onun iddiasına əsasən, bu müddət ərzində müalicə Dentera Dental Clinicdə aparılıb və pasiyent üç dəfə həkim dəyişib. Bu isə ciddi sağlamlıq problemlərinə səbəb olub.
Şikayətçinin bildirdiyinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə edilib, lakin qısa müddət sonra həmin həkimin klinikadan ayrıldığı qeyd olunub. Daha sonra pasiyent klinikanın digər filialına yönləndirilib və burada müalicəni davam etdirən başqa bir həkimin də sonradan klinikadan ayrıldığı iddia edilib.
Məsələ ilə bağlı klinikadan bildirilib ki, adıçəkilən stomatoloqlar hazırda həmin müəssisədə fəaliyyət göstərmirlər.
Dentera Dental Clinic tərəfindən həmçinin qeyd olunub ki, pasiyentin ödədiyi vəsait geri qaytarılıb.
Faktla bağlı araşdırma davam edir.





