
Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı Ermənistanla münasibətlər, regional təhlükəsizlik və Azərbaycanın hərbi-siyasi gücü ilə bağlı mühüm açıqlamalar verib.
Dövlət başçısı bildirib ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr mövcud olduqca Azərbaycan daim ayıq-sayıq olmalıdır.
Prezident vurğulayıb ki, hazırda bölgədə mövcud olan sülh mühitinin müəllifi Azərbaycandır:
“Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər”, - deyə İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, bəzi xarici siyasi dairələr bu gün Ermənistanı müdafiə etdiklərini nümayiş etdirməyə çalışsalar da, 2020-ci ildə Azərbaycanın qarşısında aciz qalıblar:
“Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana”, - deyə Prezident əlavə edib.
İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasına da toxunaraq bildirib ki, Azərbaycanın Ermənistanı məhv etmək kimi bir niyyəti olmayıb və yoxdur:
“Biz istədiyimizə nail olmuşuq. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, Ermənistanın siyasi müstəvisində Azərbaycana qarşı düşmənçilik mövqeyində olan qüvvələr hələ də qalmaqdadır və belə dairələrin hakimiyyətə gəlməsi Ermənistan xalqının özü üçün təhlükə yarada bilər.
İlham Əliyev çıxışında Vətən müharibəsində qazanılan qələbəyə də toxunaraq bildirib ki, Azərbaycan öz torpaqlarını qan tökərək işğaldan azad edib:
“Biz həm döyüş meydanında, həm siyasi müstəvidə iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər nümayiş etdirmişik”, - deyə Prezident qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın qazandığı Zəfərdən sonra ölkəyə beynəlxalq hörmət daha da artıb.





