
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdirilib.
Qeyd olunur ki, qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri bu gün saat 11:00-dan etibarən şəxsi kabinetlərinə daxil olaraq vakant yerləri seçə bilərlər. İlkin vakansiya seçimi mərhələsi mayın 22-si saat 11:00-dək davam edəcək.
Məlumata görə, növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
MÜTDA tərəfindən iştirakçılara seçim zamanı diqqətli olmaları və seçim tamamlandıqdan sonra elektron ərizələrin təsdiqlənməsinin vacibliyi tövsiyə edilib.





