
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə Heyətinin sədri-rektoru Yerlan Sıdıkova təbrik məktubu ünvanlayıb.
Məktubda dövlət başçısı universitetin 30 illik yubileyi münasibətilə rəhbərliyi və kollektivini səmimi şəkildə təbrik edib.
Prezident qeyd edib ki, yarandığı gündən etibarən Lev Qumilyov adına Avrasiya Milli Universiteti (AMU) mühüm inkişaf yolu keçərək Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib və regionda nüfuzlu elm və təhsil mərkəzi kimi tanınıb.
Məktubda vurğulanıb ki, professor-müəllim heyətinin peşəkarlığı və tədrisdə innovativ yanaşmalar universiteti yüksək keyfiyyətli təhsilin simvoluna çevirib. AMU-nun məzunlarının isə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.
Dövlət başçısı həmçinin uzun illərdir fəxri professor adını daşımaqdan məmnunluğunu ifadə edib.
Sonda Prezident universitetin gələcəkdə də beynəlxalq nüfuzunun artacağına, elmin inkişafına və yüksək ixtisaslı kadr hazırlığına töhfə verməyə davam edəcəyinə əminliyini bildirib və kollektivə yeni uğurlar arzulayıb.
Qeyd edək ki, məktub ünvanlanan Lev Qumilyov adına Avrasiya Milli Universiteti 30 illik yubileyini qeyd edir və regionun aparıcı ali təhsil mərkəzlərindən biri hesab olunur.
Təbrik məktubunu universitetin rektoru Yerlan Sıdıkov qəbul edib.





