
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Qanuntv.az xəbər verir ki, Ukrayna lideri təbrik məktubunda Azərbaycanı regional və beynəlxalq proseslərdə mühüm rol oynayan ölkə kimi dəyərləndirib.
Volodimir Zelenski Ukraynanın Azərbaycanla münasibətlərin strateji xarakterini yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji yardımına, eləcə də İrpen şəhərinin bərpasında iştirakına görə təşəkkür edib.
Məktubda həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının əhəmiyyəti vurğulanıb. Zelenski qeyd edib ki, bu addımlar iki ölkə arasında həmrəyliyin və qarşılıqlı hörmətin göstəricisidir.
Ukrayna Prezidenti dövlətlərin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dəstəklənməsinin vacibliyini də vurğulayıb.
Zelenski energetika, logistika, nəqliyyat, infrastruktur və təhlükəsizlik sahələrində Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib və strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə inandığını bildirib.





