
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, təbrik məktubunda Antonio Quterreş Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən səmimi arzularını çatdırıb.
BMT Baş katibi qeyd edib ki, milli günlər ölkələrin keçdiyi inkişaf yolunu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcək hədəflərini dəyərləndirmək üçün mühüm fürsətdir. O, həmçinin vurğulayıb ki, bu gün dünya müharibələrin dayandırılması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və yeni texnologiyalardan məsuliyyətli istifadə kimi ciddi çağırışlarla üz-üzədir.
Məktubda bildirilib ki, bu problemlərin həlli üçün sülhün və təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, insan hüquqlarının qorunması naminə beynəlxalq əməkdaşlıq və çoxtərəfli tərəfdaşlığa sadiqlik vacibdir.
Antonio Quterreş sonda Azərbaycan xalqına ən xoş arzularını çatdıraraq Prezident İlham Əliyevə yüksək ehtiramını ifadə edib.





