
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair Mikayıl Müşfiqin doğum günüdür.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından biri olub, müəllimliklə yanaşı yaradıcılıq fəaliyyəti ilə də məşğul olub.
Kiçik yaşlarında valideynlərini itirən Mikayıl Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb. İlk təhsilini rus-tatar məktəbində alan şair sonradan Bakı Darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Darülfünunun Dil və ədəbiyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə müəllim kimi başlayan Müşfiq son olaraq Bakı şəhərində yerləşən 18 saylı orta məktəbdə çalışıb. Onun poeziya yaradıcılığı 1926-cı ildə "Gənc işçi" qəzetində dərc olunan "Bir gün" şeiri ilə başlayıb. Şair həmçinin bədii tərcümə sahəsində də məhsuldar fəaliyyət göstərib.
Mikayıl Müşfiq 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. Lakin repressiya illərinin qurbanlarından biri olan şair 1938-ci il yanvarın 6-da güllələnib.
Şairin xatirəsi bu gün də ehtiramla yad edilir. Onun adına Bakıda büst ucaldılıb, küçə, məktəb, qəsəbə və meydan adlandırılıb. 1968-ci ildə həyat yoldaşı Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan poeziyasının parlaq simalarından olan Mikayıl Müşfiq zəngin ədəbi irsi ilə bu gün də oxucuların qəlbində yaşayır.





