
Qanun TV.az xəbər verir ki, Prezident İlham Əliyev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin təsdiqlənməsi ilə bağlı Fərman imzalayıb.
Dəyişikliklərə əsasən, vətəndaşların elektron müraciətlərinə onların seçiminə uyğun olaraq elektron poçt ünvanı, poçt vasitəsilə yazılı cavab və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən cavab verilməsi nəzərdə tutulur.
Yeni qaydalara görə, EHİS vasitəsilə təqdim edilən müraciətlər istisna olmaqla, digər elektron müraciətlərdə elektron ünvan, fiziki şəxsin FİN-i və ya hüquqi şəxsin VÖEN-i göstərilmədiyi hallarda cavablar poçt vasitəsilə göndəriləcək.
Həmçinin elektron sənəd formasında təqdim olunan cavab məktubları “Elektron imza və elektron sənəd haqqında” qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdiriləcək.
Dəyişikliklərdə vətəndaş müraciətlərinin qəbulu və qeydiyyatı ilə bağlı prosedurların təkmilləşdirilməsi, EHİS üzərindən müraciətlərin isə ayrıca daxilolma kanalı kimi müəyyən edilməsi də əksini tapıb.
Nazirlər Kabinetinə isə qanundan irəli gələn məsələlərin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.




