
Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən, iyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sistemində mühüm dəyişikliklər tətbiq olunacaq.
Qanuntv.az xəbər verir ki, yeni qaydalara əsasən, mövcud "Bonus-Malus" sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan "Sığorta Tarixçəsi Əmsalı" sistemi tətbiq ediləcək.
İcbari Sığorta Bürosunun məlumatına görə, bundan sonra yol-nəqliyyat hadisələrinin sığorta tarixçəsinə təsiri sığorta müqaviləsinin sahibinə deyil, avtomobili faktiki idarə edən sürücüyə aid olacaq. Beləliklə, qəza baş verdikdə onun nəticələri birbaşa sükan arxasında olan şəxsin sığorta tarixçəsinə yazılacaq.
Yeni sistem çərçivəsində qəzasız sürücülər üçün güzəştlər də nəzərdə tutulub. Belə ki, sürücü 275 gün (təxminən 9 ay) ərzində heç bir qəza törətməzsə, növbəti sığorta haqqına 5 faiz endirim tətbiq olunacaq.
Əksinə, sürücünün səbəb olduğu hər yol-nəqliyyat hadisəsinə görə onun sığorta tarixçəsi əmsalına 30 faiz əlavə olunacaq və nəticədə növbəti sığorta haqqı bahalaşacaq.
Dəyişikliklərə əsasən, əvvəllər birdən çox sürücünün istifadə etdiyi avtomobillərə tətbiq edilən 1,15 risk əmsalı artıq yalnız avtomobili sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və ya daha çox olduqda qüvvədə olacaq.
Fiziki şəxslər üzrə sığorta haqqı hesablanarkən avtomobili idarə edən sürücülər arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik şəxsin göstəricisi əsas götürüləcək.
Hüquqi şəxslər üçün isə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Bununla belə, nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə olunarsa, həmin hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza göstəricilərinə uyğun olaraq güzəşt və ya əlavələr tətbiq ediləcək.
Qeyd edək ki, yeni qaydalara əsasən, sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 ola bilər.
Mütəxəssislərin fikrincə, yeni sistem daha şəffaf və ədalətli yanaşma təmin etməklə yanaşı, sürücüləri yol hərəkəti qaydalarına daha məsuliyyətlə yanaşmağa təşviq edəcək.





