
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vergi və gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı mövcud fərmanlarda dəyişiklik edib.
Qanuntv.az xəbər verir ki, bu barədə məlumat “Report”a istinadən yayılıb.
Dəyişikliyə əsasən, “Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiqi və eləcə də “Gömrük tarifi haqqında” qanunun tətbiqi ilə bağlı 30 avqust 2000-ci il və 4 iyul 2013-cü il tarixli fərmanlarda yeniliklər edilib.
Yeni qaydalara görə, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlərin verilməsi səlahiyyəti müəyyən qurumlara həvalə olunub.
Belə ki, hərbi təyinatlı məhsul istehsalı ilə bağlı layihələr üzrə səlahiyyət Müdafiə Sənayesi Nazirliyinə, digər layihələr üzrə isə İqtisadiyyat Nazirliyinə verilib.
Qeyd edək ki, bu dəyişikliklərin məqsədi investisiya mühitinin yaxşılaşdırılması və sənaye layihələrinin dəstəklənməsidir.





